“PR sahəsində təlimlərin təşkilinə ehtiyac var”
30 Sentyabr tarixində “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Asossasiyası”nın (APRA) təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl və sonra PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib.
Təlim ABŞ-ın nüfuzlu Maryland Universitetinin məzunu, “PreMark” PR və Media konsaltinq xidmətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb.
Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), AtaHolding, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, “Bakı Metropoliteni” QSC, Mərkəzi Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, “UniBank”, Veysəloğlu, “BEST Solution”, “HED Academy” və digər dövlət və kommersiya təşkilatların ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.
Təlim barədə fikirlərini GSR.fm-lə bölüşən “PreMark” PR və Media Məsləhətçiliyi xidmətinin rəhbəri Azər Nəzərov təlimi yüksək qiymətləndirdiyini və bu kimi təlimlərin təşkilinə ehtiyac olduğunu bildirib:
APRA-nın təşkil etdiyi təlim birbaşa olaraq bu sahə üzrə ixtisaslaşmış PR mütəxəssislərinə aid idi. Yəni, təlimdə iştirak edən şəxslərin mövzu ilə bağlı kifayət qədər iş təcrübələri var və peşəkardırlar. Biz təlimdə diqqətimizi daha çox böhrandan əvvəl və sonra üçün olan PR və kommunikasiyaya ayırmışdıq.
Bu sahədə mütəmadi olaraq təkmilləşdirmə təlimlərinin, kursların, proqramların təşkilinə böyük ehtiyac var və APRA-nın bu sahədə kifayət qədər uğurlar qazanacağına əminəm. İnanıram ki, məhz APRA-nın təsiri ilə Azərbaycanda birbaşa olaraq PR sahəsi öz inkişaf xəttini tutacaq.
Bu mövzuda olan təlimin keçirilməsi təklifinin məhz Azərbaycanda PR mütəxəssislərinin Asossasiyasından gəldiyini, onların dəvəti və əsas təşkilatçılığı ilə təlimin təşkil olunduğunu deyən Azər Nəzərov qeyd edir ki, bu təşəbbüs artıq Azərbaycanda da PR mütəxəssislərinin böhran kommunikasiyası kimi məsələrə ciddi yanaşdığını, bu sahədə olan dünya təcrübəsinin tətbiqində maraqlı olduqlarını göstərir:
Birbaşa olaraq deyə bilmərəm ki, məhz mənim təlimimdən nəsə əldə etdilər, amma düşünürəm ki, bu təlim iştirakçıların böhran kommunikasiyası üzrə gələcək işlərinə müsbət təsir edəcək.
Azər Nəzərov həmçinin, Azərbaycanda böhran zamanı kommunikasiyanın vəziyyətindən də danışıb. O, PR sahəsinin Azərbaycanda yeni olduğunu və buna görə də bu sahədə boşluqlar olmasını normal qarşıladığını bildirib:
Bu sahə üzrə çalışan şəxslərin hazırda ən böyük çətinliklərindən biri ictimaiyyətlə əlaqələr işinin mətbuat xidmətinin işindən fərqli olduğunu izah etməkdir. Ona görə də, hazırda böhran kommunikasiyasının yüksək səviyyədə olması ilə bağlı fikir bildirə bilmərəm. Apardığımız monitorinqlər göstərir ki, Azərbaycanda olan şirkətlər, qurumlar hələ böhran kommunikasiya strategiyasına tam sahib deyillər. Mövcud strategiyaları isə demək olar ki, ya zəifdir, ya yoxdur ya da gecikmiş, vaxtında atılmamış strateji addımlardır. Bu səbəbdən PR menecerlər yaranmış böhran vəziyyətlərində problemi sürətli həll edə bilmirlər.
No Comments