“Olympic Moves” layihəsinin bağlanış mərasimi keçirilib

“Olympic Moves” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin ən böyük idman yarışı “Olympic Moves” layihəsi çərçivəsində respublika birinciliyinin final mərhələsinin bağlanış mərasimi keçirilib.

Voleybol 2×2, basketbol 3×3, badminton, atletika və velosiped idmanı üzrə yarışlardan ibarət olan layihə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonunu əhatə edir.

Yarışlarda hər rayondan müvafiq idman növləri üzrə birinci yeri tutan komandalar mübarizə aparıblar. Belə ki, paytaxtdan 60, bölgələrdən isə ümumilikdə 20 komanda final mərhələsində özlərini sınayıb.  Yanvar ayının 5-dən start götürən layihədə paytaxt üzrə 294  məktəbdən 63504 şagird, bölgələrdən isə 112 məktəbdən 24192 şagird qoşulub.

Final oyunları 4-5 iyun tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzidə keçirilib. Qarşılaşmalar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

Bağlanış mərasimi DJ şou və əyləncəli oyunlarla start götürüb. Mərasim rəqs qruplarının çıxışları ilə davam edib. Eləcə də, final yarışlarının fasilələrində də rəqs qrupları oynaq rəqsləri ilə azarkeşləri və oyunçuları ruhlandırıb.

Mərasimin rəsmi hissəsini açılış nitqi ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıb. Çingiz müəllim məktəbliləri uğurlu nəticələr münasibəti ilə təbrik edib: “Proqramda 100 minə yaxın məktəblinin iştirakı çox müsbət haldır. Azərbaycan idman ölkəsidir və azyaşlılarımız bu ənənəni yaşadır. “Olympic Moves” onların peşəkar arenada özlərini sınamaqları üçün yaxşı platformadır. Bakı ilə yanaşı regionlarımızın da yarışlara qoşulması məni sevindirir. Yarışların gələn mövsüm daha geniş ərazini əhatə edəcəyinə inanıram. Təşkilat komitəsinə belə möhtəşəm işi ərsəyə gətirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm”.

Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov da proqram barədə təəssüratlarını qalib komandalar və azarkeşlərlə bölüşüb: “Proqram elə böyük rezonans doğurub ki, Azərbaycanın digər bölgələri də və digər idman federasiyaları da layihəyə qoşulmaq üçün səbrsizlənirlər. Şagirdləri, yeniyetmələri belə arenada görmək hər birimizi qürurlandırır. Qalib gələn komandaların hər birini ayrılıqda təbrik edirəm. Bu il mübarizəyə qoşulan digər komandaları da ruhdan düşməməyə, daim aktiv olmağa çağırıram. Hər birinizə gələcək idman fəaliyyətinizdə və həyatınızda uğurlar arzulayıram”.

Təhsil Nazirinin müavini Firudin Qurbanov isə belə iri miqyaslı idman layihəsinin şagirdləri motivasiya etdiyini və sağlam həyat tərzini seçməyin məktəblilərdə təhsilə də marağın daha da artmasına səbəb olduğunu bildirib: “Çox gözəl haldır ki, bu layihəyə paytaxtla yanaşı, ucqar kəndlərimizin şagirdləri də qoşula biliblər. “Olympic Moves”da şagirdlər idman növlərinin peşəkar qaydaları il yanaşı, dostluq, birlik, əzmkarlıq öyrəndilər. Belə miqyaslı layihənin uğurlu icrası bizə deməyə əsas verir ki, təşkilatçı tərəflər daha geniş ərzini əhatə edən yarışlara start verə bilərlər. Bu daha çox istedadın üzə çıxmasına kömək edəcək. Qalibləri bir daha təbrik edirəm”.

Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qalibləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Atıcılıq üzrə Olimpiya Çempionu Zemfira Meftəhiddinova təltif edib. Qaliblərə kubok, diplom və medallarla yanaşı, həvəsləndirici hədiyyələr də təqdim olunub.

Qaliblərə gəlincə isə Velosiped idmanı növü üzrə Suraxanı rayonu 114 saylı məktəbin komandası birinci,  Xətai rayonu 29 məktəbin komandası ikinci, Sumqayıtdan 4 saylı məktəbin komandası üçüncü yeri qazandı.

Atletika növü üzrə Səbail rayonu 160 saylı məktəbin komandası birinci, Nərimanov rayonu Ankara liseyi ikinci, Nizami rayonu 145 saylı məktəbin komandası üçüncü yerə çıxıb.

Badminton üzrə Suraxanı rayonu 104 saylı məktəbin komandası birinci, Yasamal rayonu 186 saylı məktəbin koandası ikinci, Xətai rayonu 260 saylı məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Voleybol 2×2 üzrə Xətai rayonu 269 saylı məktəbin komandası birinci yer, Binəqədi rayonu 248 saylı məktəbin komandası ikinci, Səbail rayonu 236 saylı məktəbin komandası üçüncü yeri qazanıb.

Basketbol 3×3 üzrə isə Nizami rayonu 220 saylı məktəbin komandası birinci, Xətai rayonu 17 saylı məktəbin komandası ikinci, Nərimanov rayonu Ankara liseyi üçüncü yeri tutub.

Proqram ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.

“Coca-Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Qeyd edək ki, “Olympic Moves – 2017” məktəblilərin kütləvi idman proqramının  PR və  Kommunikasiya tərəfdaşı  “PreMark”dır.

 

No Comments

Leave a Reply